Simsar.az | bizi özünüzə Simsar bilin
"Vəziyyətimizi nəzərə almayıb ünvanımıza iftira, böhtan atırlar"

"Nə etmişəm mən onlara?"

Avqustun 8-dən – oğlu Azad Mütəllibov vəfat edən gündən Bakıda olan sabiq prezident Ayaz Mütəllibov sentyabrın 6-da “Media forum” saytının suallarını cavablandırıb.


- Azərbaycanda qalıb-qalmayacağınız məsələsi dəqiqləşibmi?

- Prezident İlham Əliyevə təşəkkür edirəm ki, mənə oğlumun yas mərasimində iştirak etməyə şərait yaratdı. Bakıya gəldim və həyat yoldaşımla, ailə üzvlərimlə birlikdə həyatdan vaxtsız köçən oğlumu son mənzilə yol saldıq. Buna şərait yaradılması bir ata kimi mənə, ailə üzvlərimə bir növ təsəlli oldu. Ona sevindim ki, qayıtmağım məsələsində qarşıdurmaya əsas olmadı, insaniyyət ön plana çıxdı və oğlumla vidalaşmağıma şərait yaradıldı.

Sentyabrın 15-də Azadın qırxıdır. Yas mərasimi saat 15-də Xətai rayonunda, Bakı Əyləncə Mərkəzi və “Ramstor” mağazası ilə üzbəüz yerləşən restoranda keçiriləcək. Sentyabrın 18-dək Azərbaycanda olacam. Həmin gün yenidən Moskvaya qayıdacam.

- Bakıda qalmağınız niyə mümkün olmadı?

- Əvvəlcədən əldə olunan razılığa əsasən Rusiyaya qayıdacam. Amma yenidən Azərbaycana dönməyim ehtimalı da var.

- Yəqin ki, “Eks-prezidentlər haqqında” qanunun qəbulunu nəzərdə tutursuz...

- İndi bu barədə geniş danışmaq istəmirəm. Bəli, bu qanunun qəbulundan sonra vətənə qayıda bilərəm, belə bir ehtimal var. Ümid edirəm ki, qanun tez bir zamanda qəbul olunacaq və mənim də vətən həsrətimə birdəfəlik son qoyulacaq.

- Sizin vətəndaşlıq pasportunuz yoxdur. Pasport almaq üçün müraciət etmisizmi?

- Xeyr. Çünki Bakıya bu işlərlə məşğul olmaq məqsədilə gəlməmişəm. Oğlumun yasında iştirak etməyə gəlmişəm. Azərbaycanın Rusiyadakı səfirliyi mənə müvəqqəti vəsiqə verib və ondan istifadə edib Bakıya gəlmişəm. Həmin sənədlə də geri qayıdacam.

- Bir ay ərzində şəhəri gəzmisinizmi?

- Bakıya gələndən oğlumun Mərdəkandakı evində qalıram. Şəhəri gəzməmişəm. Hər cümə axşamı Yasamala, qəbir üstünə gedirik. Yolboyu şəhərə baxmışam. Bakıda çox böyük dəyişikliklər baş verib, paytaxtı tanımaq olmur. Bakını belə görmək məni çox sevindirir.

- Sizinlə görüşməyə gələnlər çoxdurmu?

- Xeyr. Gələnlər əsasən ailə üzvlərim, yaxın qohumlardır.

- Bakıya qayıdanda həyəcanlı görünürdüz...

- Necə ola bilərdim?.. Həyatda elə bir insan tapılmaz ki, 19 il vətəndən məhrum olsun, ayrı yaşasın və vətənə qayıdanda həyəcan keçirməsin. Mən də böyük həyəcan keçirdim. Oğlumun faciəsi də bu işə qarışdı. Kim istərdi ki, 19 il həsrətində olduğu vətəninə belə bir ağır faciəyə görə qayıtsın? Mən bunu heç kimə arzulamıram... Amma Allahın hökmü, qismətidir, biz bəndələr nə deyə bilərik...

Təəssüflər olsun ki, bəzi mətbuat orqanları mənim hansı səbəblə vətənə qayıtdığımı nəzərə almadılar, bunu siyasiləşdirməyə çalışdılar. Baxmayaraq ki, hər şey hamıya aydın idi. Bizim vəziyyətimizi nəzərə almayıb ünvanımıza iftira, böhtan səsləndirirlər, heç vaxt olmamış məsələləri həqiqət kimi yazırlar. Mən belə insanları anlamıram, niyə belə işlərlə məşğul olurlar? Belə əməlləri qəbul edə bilmirəm. Xalqımızın adəti, ənənəsi var. Yas məsələsini siyasətə qatmaq olmaz. Mən heç kimə pislik etməmişəm. Haqqımda böhtanlar, iftiralar yazanların əksəriyyətinin üzünü görməmişəm, onları tanımıram. Nə etmişəm mən onlara? Həmin insanların arxasında kimlərin dayandığını bilmirəm.

6 Sentyabr, 2011  20:51 Baxılıb: 886

Bu bölmədə