Simsar.az | bizi özünüzə Simsar bilin
SOMALİDƏ 4 MİLYONADƏK İNSANIN YARDIMA EHTİYACI VAR

750 minədək insanın isə aclıq təhlükəsi qarşısında olduğu bildirilir

Somalidə 4 milyonadək insan humanitar yardıma ehtiyac içindədir və 750 minədək insan mümkün aclıq təhlükəsi qarşısındadır. BMT-nin Ərzaq Təhlükəsizliyi və Qida Təhlili Qurumu və Aclıqdan Erkən Xəbərdarlıq Sistemləri Şəbəkəsinin son araşdırmalardan sonra çıxardığı birgə bəyənatda bu məlumat verilir. Somalidə aclığın bu Afrika ölkəsində vaxtilə ərzaq qıtlığından əziyyət çəkən 6-cı ərazi olan Bey regionunadək yayıldığı bildirilir. BMT rəsmiləri böhranın daha da pisləşə biləcəyini xəbərdarlıq edərək bu məsələ ilə bağlı cəhdləri artırmağa çağırıblar. BMT-nin Ərzaq Təhlükəsizliyi və Qida Təhlili Qurumunun texniki işlər üzrə baş məsləhətçisi Qreyn Moloni bildirib ki, Somalidə mövcud ərzaq təhlükəsizliyi aclığın Qedo, Hiran, Şabel, Cuba regionlarınadək yayılacağını ehtimal etməyə əsas verir. 

Verilən məlumata görə humanitar yaprdıma dəhşətli dərəcədə ehtiyacı olan 4 milyon nəfərdən 3 milyonu ölkənin cənub regionlarının sakinləridir. Bu göstərici isə 8 ay əvvəl qeydə alınan 2.4 milyondan yüksəkdir. BMT-nin açıqlamasında həmçinin bildirilir ki, aclıqdan ölən on minlərlə insanın yarısından çoxu uşaqlardır.

Qeyd edək ki, Somalidə aclığın daha da genişlənməsinə son 60 ildə müşahidə edilən ən pis quraqlıq əsas verib. Bundan başqa, Somalidə 1991-ci ildən bəri sabit hökumət mövcud olmayıb, qiyamçılarla hökumət qüvvləri arasında davam edən döyüşlər isə aclıqdan əziyyət çəkən bu ölkədə hşumanitar böhranın daha da dərinləşməsinə səbəb olub.

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının Somali üzrə nümayəndəsi Lyuka Alinovi isə bildirib ki, bu göstəricilər dəhşətli səhnələr yaratsa da, beynəlxalq ictimaiyyətin müəyyən fövqəladə yardımlarla yanaşı, fermerlərə dəstək göstərməsi ilə bunun qarşısını almaq üçün hələ də imkan var.

6 Sentyabr, 2011  02:15 Baxılıb: 947

Bu bölmədə