Simsar.az | bizi özünüzə Simsar bilin
Müdafiə Nazirliyi 20 ildir yaradılıb

İlk müdafiə naziri Valeh Bərşadlı olub

SSRİ-nin tərkibində olan və müstəqilliyini elan etməmiş Azərbaycanda SSRİ-i Ali Sovetinin qərarı ilə 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb.

Simsar.az xəbər verir ki, nazir vəzifəsinə Sovet ordusunda tanınmış hərbçi olan general-leytenant Valeh Bərşadlı təyin edilib. Müdafiə Nazirliyinin ilk yüksək rütbəli hərbçiləri isə general-mayor Dadaş Rzayev, general-mayor Arif Salahov və polkovnik Telman Mehdiyev olub.

Oktyabrın 9-da Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş Sovet ordusunun Şıx qəsəbəsində yerləşən hərbi hissəsinin bazasında Silahlı Qüvvələrin ilk motoatıcı briqadası formalaşdırılıb.

Müdafiə Nazirliyi yarandıqdan sonra Silahlı Qüvvələrin komplektləşdirilməsi ilə bağlı gərgin müzakirələrdə ilk müdafiə naziri Valeh Bərşadlı ordunun əsasının müqavilə əsasında komplektləşdirilməsinə tərəfdar olub. Bərşadlı o zaman şəxsi heyəti 16 min nəfər olan briqadaların yaradılmasını, hər bir taborun ayrıca nömrələnməsi, döyüş bayrağı olmasını, həmçinin reyd taborlarının yaradılmasını təklif edib. Lakin Ali Sovet müzakirələrdən sonra ordunun çağırış əsasında komplektləşdirilməsi barədə qərar qəbul edib. İlk briqada könüllü və çağırışçı heyətlə komplektləşdirib.

Azərbaycanın 1918-20-ci illərdə iki müdafiə naziri – Xosrov bəy Sultanov (mülki şəxs) və artilleriya general-leytenantı Səməd bəy Mehmandarov, ikinci müstəqilliyi dönəmində isə 8 müdafiə naziri olub. İkinci müstəqillik dönəmində 1991-ci ilin sentyabr-dekabr aylarında müdafiə naziri postuna general-leytenant Valeh Bərşadlı, 1991-ci il dekabr-1992-ci ilin yanvar aylarında general-mayor Tacəddin Mehdiyev , 1992-ci ilin yanvar-fevral aylarında polkovnik Şahin Musayev, fevral-mart aylarında polkovnik (polis) Tahir Əliyev, 1992-ci ilin mart ayından 1993-cü ilin fevral ayınadək Rəhim Qazıyev (mülki şəxs), 1993-cü ilin yanvar-iyun aylarında general-mayor Dadaş Rzayev, 1993-cü ilin avqust-sentyabr aylarında general-mayor Vahid Musayev, 1993-cü ilin sentyabrından 1995-ci ilin fevralınadək general-leytenant Məmmədrəfi Məmmədov müdafiə naziri olub.

Azərbaycanın Müdafiə Nazirliyinə 1995-ci ilin fevralından indiyədək general-polkovnik Səfər Əbiyev rəhbərlik edir.

5 Sentyabr, 2011  19:31 Baxılıb: 1045

Bu bölmədə