Simsar.az | bizi özünüzə Simsar bilin
Ərdoğan Qəzzaya gedir

Türkiyənin baş naziri Fələstinə Misirdən keçəcək

Türkiyə hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğan Fələstinin İsrail tərəfindən mühasirəsinə faktiki olaraq son qoymaq üçün sentyabrın ortalarında Qəzza zolağına səfər edəcək. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə hökumətdəki mənbələr xəbər verib.

Hazırda Ankarada Ərdoğanın Misirdən sonra 13-14 sentyabr tarixlərində Qəzzaya səfər proqramı hazırlanır. “Xəbər Türk”ün məlumatına görə, Misirin yeni hakimiyyəti ilə Ərdoğanın Rəfah sərhəd-keçid məntəqəsindən Qəzzaya səfəri artıq razılaşdırılıb.

Qeyd edək ki, Türkiyənin baş naziri cari ilin iyulunda Qəzzaya səfər etməyi planlaşdırırdı. Lakin BMT-nin “Azadlıq donanması”na hücumla bağlı məruzəsinin gec açıqlanması səbəbindən bu səfər təxirə salınıb. Qəzzaya səfər öncəsi isə Ərdoğanın Qahirənin məşhur Təhrir meydanında çıxışı planlaşdırılır.

Ötən cümə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 2010-cu il 31 may tarixində Qəzzaya humanitar yardım aparan “Azadlıq donanması”na hücumdan sonra Ankaranın tələblərini yerinə yetirməkdən imtina etməsi ilə əlaqədar olaraq İsrailə qarşı tədbirlər planını açıqlayıb.

Türkiyə hakimiyyəti bir ildən artıqdır ki, donanmaya hücuma görə İsraildən rəsmi üzrxahlıq, hadisə zamanı zərərçəkənlərin ailələrinə təzminatın ödənməsi və Qəzzanın mühasirəsinin aradan qaldırılmasını tələb edir, lakin rəsmi Təl-Əviv bütün bu tələblərə məhəl qoymur.

Eyni zamanda ötən həftə Türkiyə-İsrail münasibətlərində tarixi qərar verilib. Əhməd Davudoğlu iki ölkə arasında diplomatik münasibətlərin ikinci katib səviyyəsinə endiriləcəyini və bütün hərbi razılaşmaların dondurulduğunu deyib. Başda səfir olmaqla səfirliyin digər işçiləri ölkələrinə geri dönəcəklər. Nazir BMT-nin mətbuata sızan "Mavi Mərmərə" donanması ilə bağlı hesabatla bağlı da açıqlama verib. Davudoğlu İsrailin törətdiyi cinayətin adi iş olmadığını bildirib: "Silahsız insanlara atəş açıb, onları qətlə yetirmək bəşəri cinayətdir. İsrail beynəlxalq sularda hərbi cinayət törədib".

Onun sözlərinə görə, İsraillə müxtəlif vaxtlarda 4 dəfə görüşərək onlara tələblərini çatdırıblar: "Tələblərimiz bəllidir və yerinə yetirilmədikcə İsraillə münasibətlər normallaşmayacaq".

XİN rəhbəri ölkəsinin İsrailin Qəzzaya tədbiq etdiyi embarqonu tanımadığını, eləcə də İsrailin “Azadlıq donanması”ndakı gəmilərə basqını nəticəsində türk və digər ölkələrdən olan zərərçəkənlərə məhkəmələrdə istənilən növ dəstək göstərəcəklərini qeyd edib.

Qeyd edək ki, BMT-nin İsrailin Qəzzaya humanitar yardım apararkən İsrailin hücumuna məruz qalan "Azadlıq donanması"na hücumunu araşdıran komissiyası işini yekunlaşdırıb.

Komissiya "Mavi Mərmərə" gəmisinə hücum edən israillilərin gəmi sərnişinlərinin silalı müqavimətlə üzləşdikləri üçün özlərini müdafiə məqsədilə gücdən istifadə etdikləri qənaətinə gəlib. Bununla belə, İsrail tərəfindən zorakılıq hərəkətləri "həddindən artıq lazımsız və məntiqsiz" adlandırılıb, hərbçilərin sərnişinlərlə münasibəti isə təhqiredici adlandırılıb. Hesabatın müəllifləri İsrailə silahlı basqın zamanı türk vətəndaşlarının öldürülməsi ilə bağlı üzrxahlıq etməyi və onların ailə üzvlərinə kompensasiya verməyi təklif edib.

Hesabat bir neçə ay öncə hazırlanıb. Lakin onun nəşr edilməsi bir neçə dəfə təxirə salınıb. Buna səbəb kimi isə Türkiyə və İsrail arasında dialoq cəhdini dayandıra biləcəyi göstərilib. Hadisənin araşdırılması ilə bağlı komissiya ötən ilin avqust ayında yaradılıb.

5 Sentyabr, 2011  15:24 Baxılıb: 938

Bu bölmədə