Simsar.az | bizi özünüzə Simsar bilin
Ramil Səfərovun xeyrinə iddia

Türkiyəli vəkil fərqli məntiqdən çıxış etdi

Yaşar Ağsu:”O, əslində cinayət törətməyib, atəşkəsi pozub”

Türkiyənin tanınmış vəkili Yaşar Ağsu Ramil Səfərovun müdafiəsi ilə maraqlanır. Bu barədə 24saat.az-a məlumat verdikdən sonra tanınmış vəkillə əlaqə saxladıq.

Yaşar Ağsunun 24saat.az-a eksklüziv müsahibəsini diqqətinizə çatdırırıq.


-Yaşar bəy, Ramil Səfərovun məhkəməsi ilə maraqlandığınızı eşitdik. Necə odu ki, bu məhkəmə diqqətinizi çəkdi?

-Öncə onu deyim ki, başda Azərbaycan olmaqla bütün Türk dünyasını izləməyə çalışıram. Bu baxımdan Ramilin məhkəmədəki müdafiə çıxışını youtube-dan izlədim və daha yaxından incələməyə çalışdım. Bu məhkəməni yalnız Azərbaycan üçün deyil, bayrağını canından əziz bilən hər bir türk üçün önəmli olması düşüncəsi ilə hərəkət etdim və dostlarımla bu barədə fikirlərimi bölüşdüm. Onların razılığı həvəsimi və çalışqanlığımı artırmağıma səbəb oldu.

-Çalışmalarınızda bir yenilik varmı? Hardan başlamaq istəyirsiniz?

-Əvvəlcə Azərbaycanda bu məhkəmə ilə əlaqəsi olan vəkil dostlarımızla görüşmək istədim ancaq alınmadı. Azərbaycanın Ədliyyə Nazirliyindən sənədləri istədim, hətta nazirlikdən bir nəfər məmurla da görüşdüm. Ancaq hələ də Ramil Səfərovla bağlı sənədləri əldə edə bilməmişəm. Onu da deyim ki, çox sağ olsunlar, bu işlərdə Əhməd Şəfəq, Tənzilə Rüstəmxanlı və Sabir Rüstəmxanlı yanımdadırlar.
Macarıstanda da əvvəlcə Xarici İşlər, Ədliyyə və Müdafiə nazirliklərinin hüquq şöbələri ilə görüşməyim vacibdir. Bununla bağlı İstanbuldakı Azərbaycan Konsulluğu Budapeştdəki Azərbaycan Səfirliyi ilə danışaraq mənə məlumat verəcək. Görüş razılıqlarını əldə etdikdən sonra fəaliyyətə başlayacağam. Təbii ki, ilk olaraq Ramil qardaşımı ziyarət edib onun razılığını da istəyəcəyəm. Bu çox önəmlidir. Çünki onun razılığı olmadan prosesə başlaya bilmərik.
Mənim strategiyam Ramilin ifadəsinin basqı altında alınmasını və Onun bayrağı üçün
and içmiş bir əsgər olmasının mühakimədə nəzərə alınmamasını və hətta Azərbaycan-Ermənistan arasındakı atəşkəs şəraitində davam edən müharibədə sadəcə atəşkəsin pozulmasının nəzərə alınmadığını isbatlamaqdır.
Xüsusən də Ramilin mühakiməsi zamanı onun ifadə və müdafiəsinin təzyiq üzərində qurulması və fövqəladə yanlış müdafiə olmasını bildirməliyəm.
Mühakimənin yenilənməsi tələbini Macarıstan məhkəməsi qəbul etmədiyi təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyəm. Müraciətdə Ramilin məhkəmə iclaslarında zəncirlənmiş halda məhkəmə iclasının davam etməsini, bunun da AİHM kriteriyalarına zidd olduğunu irəli sürərək AİHM kanalıyla məhkəmənin yenilənməsinə nail olmağa çalışacağam.

-Kimlərdən dəstək gözləyirsiniz?

- Azərbaycanın Budapeştdəki səfirliyindən dəstək gözləyirəm. Həm Macarıstanda bəzi dairələrlə əlaqələrin qurulmasında, həm də tərcüməçi məsələsində dəstəyə ehtiyac var. Bəzi məsələlərdə kömək gözləyirəm.

-Sizcə bunu bacara, Ramilin azadlığına nail ola biləcəksinizmi?

-Mühakimə yenidən başlasa, Azərbaycan Müdafiə Nazirliyi bu işə dəstək verilməlidir. Məhkəmədə Ramil Səfərovun öz zabitləri olmasını, Macarıstan qanunları ilə mühakimə edilməsinin düzgün olmadığını məhkəməyə bildirib, onun müdafiəsində yanında olmaları lazımdır.
Çünki Ramilin davranışı bir ermənini öldürmək kimi izah edilə bilməz. Bu bayrağa qarşı edilən hücuma bayrağı qorumağa and içmiş birisinin müdaxilə etməsidir. Ramil bayrağı müdafiə edib. Burda atəşkəs rejiminin olması düşünülə bilər. Bu məsələdə “Burda müharibə cinayəti varmı?”-deyə Müharibə Cinayəti Məhkəməsinin fikri öyrənilə bilər. Bu mənada Azərbaycan Müdafiə Nazirliyi məsələyə müdaxilə eləməlidir.

-Sizin vəkil olaraq iddianız nədir və nəyi sübut etmək istəyirsiniz?

- Ramilin öncəki müdafiəsi “Mən uşaqlığımdan bəri erməni zülmünün şahidi olmuşam və hadisəni də bunun təsiri ilə törətmişəm” yönündədir.
Halbuki, yuxarıda bildirdiyim kimi, bu insan öldürmək cinayəti deyil. Bayrağa hücumu dəf etmək insan öldürmək cinayəti deyil, olsa-olsa atəşkəs şəraitinin pozulması kimi qiymətləndirilə bilər. Buna nail olacağımıza inanıram. Bir gün Ramil yanımda Azərbaycanın müqəddəs torpaqlarına ayaq basa biləcəyimi deyə bilmirəm, amma bu yolda bütün əziyyətlərə hazıram. Ramil bayrağı qoruyaraq bayrağa dönüb və bir Türk bayrağının Macarıstan həbsxanasında qalmasına dözə bilmirəm. Bu bayrağın əsarəti kimi görünür mənə. Bayrağımızın azadlığı üçün Ramil də azad olmalıdır. Son suala gəlincə, Macarıstandan yüksək rütbəli bir zabit çağrılmasını tələb edəcəyəm. Bir sualım olacaq: ”Siz macar ordusunda xidmətə başlayarkən nəyə and içirsiniz və Macarıstan bayrağını yalnız Macarıstan sərhədləri içərisində qorumalısınız, yoxsa dünyanın hər yerində?” Türkiyədə bu and “quruda, havada və dənizdə hər zaman və hər yerdə” deyə başlanır. Qorumaq vəzifəsi dünyanın hər yerində davam edir. Buna görə də isbat etməyə çalışacağım bir şey var, Azərbaycan–Ermənistan müharibəsi atəşkəs olsa belə, davam edir və bu atəşkəs tez-tez pozulur. Bu hadisənin Macarıstanda olması heç nəyi dəyişmir. Əmr bayrağı qorumaq əmridir. Ramilin törətdiklərini Macarıstan məhkəmələri araşdıra bilməz. Ancaq və ancaq Müharibə Cinayətləri Məhkəməsindən münasibət öyrənilə bilinər ki, burda da heç bir müharibə cinayəti yoxdur.

3 Sentyabr, 2011  18:42 Baxılıb: 1594

Bu bölmədə