Simsar.az | bizi özünüzə Simsar bilin
Tikinti bazarında bahalaşma

Rusiyadakı meşə yanğınları taxtanın qiymətinin qalxmasına səbəb olub

Son bir həftə ərzində ölkədəki tikinti materialları bazarında taxtanın qiyməti 20-25 manat bahalaşıb. Satıcılar yaxın həftələrdə qiymətlərin daha da artacağını deyirlər. Onların sözlərinə görə, son aylar Rusiya meşələrində güclü yanğınların olması bu ölkədən Azərbaycana taxta ixracının azalmasına səbəb olub. Bundan əlavə Azərbaycanın sel basmış zonalarında aparılan təmir və tikinti işləri taxtanın qiymətini ən yüksək həddə çatdırıb.

Dərnəgül yolundakı taxta bazarında ticarətlə məşğul olan Sərvan Kərimovun sözlərinə görə, yay aylarında taxta bazarında aktivlik müşahidə edilməkdədir: “Hətta taxta məhsullarının, xüsusilə bəzi növlərinə olan tələbatın artması bu məhsul üzrə kəskin qiymət artımı ilə nəticələnib. Səbəb isə Rusiya meşələrində yanğınların davam etməsi nəticəsində ixrac olunan taxta məhsullarında azalmasıdır”. S. Kərimov bildirdi ki, hazırda bazarlarda taxtanın bir kubu 270-285 manata satılır: “Bir həftə öncə isə taxtanın bir kubu müştərilərə 250-255 manata təklif olunurdu. Bundan əlavə dəmir məmulatlarının və şiferin qiymətlərində də artım müşahidə edilməkdədir. Yaxın aylarda isə tikinti materiallarının qiyməti bir qədər də bahalaşacaq”. Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin rəhbəri Yuri Şedrin isə bildirib ki, Rusiya taxta ixracına görə Azərbaycanda liderliyini qoruyub saxlayacaq. Lakin o, taxta ixracına qadağa ilə bağlı Rusiya hökumətində müzakirələr getdiyini etiraf edib.

3 Sentyabr, 2011  17:38 Baxılıb: 1360

Bu bölmədə