Simsar.az | bizi özünüzə Simsar bilin
“MÜHARİBƏNİ BAŞLAMAQ ASAN, QURTARMAQ İSƏ ÇƏTİNDİR”

“ATƏT-in Minsk Qrupunun təklif etdiyi sülh yolu hər iki tərəf üçün sərfəlidir”

“Avropa İttifaqı üç Cənubi Qafqaz ölkəsinin bu quruma üzvlüyünə güclü dəstək verməlidir”

Stokholm. M. Quliyeva-APA. ATƏT Parlament Assambleyasının sabiq prezidenti, hazırda Yarl Yalmarson Demokratiya Fondunun sədri Qoran Lenmarkerin eksklüziv müsahibəsi

- Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun nəticə son nəticədə Cənubi Qafqazda yeni müharibəyə səbəb olacağı fikri ilə razısınız?

- Hesab etmirəm ki, Cənubi Qafqazda yeni müharibə alovlana bilər. Müharibəni başlamaq asan, qurtarmaq isə çətindir. Hərbi əməliyyatların həmişə düzgün aparılmadığını nəzərə alsaq, onun nəticələrini əvvəlcədən söyləmək çox çətindir. Məsələn, havada hərbi baxımdan üstünlük həlledici əhəmiyyət daşıyır və vərdişlərdən, prinsiplərdən, strategiya və taktikadan asılıdır. Bunlara qiymət vermək çox çətindir. Müharibənin başlanması çoxlu sayda gənc kişi və mülki şəxslərin ölməsi, bir çoxlarının yaralanması və əlil olması, dövlət iqtisadiyyatının isə dağılması ilə nəticələnən bilər. Buna görə də əminəm ki, görüşdüyüm hər iki ölkənin məsuliyyətli liderləri bu cür taleyüklü qərarlar verməyəcəklər.

- Situasiyanı dalandan çıxarmaq üçün ATƏT-in Minsk Qrupu və münaqişə tərəfləri hansı təxirəsalınmaz addımlar atmalıdır?

- Hər iki ölkədə ictimai rəy anlamalıdır ki, sülh yolu ilə həll kompromisə əsaslanmalıdır. Tərəflərdən heç biri öz tələblərinin hamısına nail olmayacaqlar. Lakin ATƏT-in Minsk Qrupunun təklif etdiyi sülh yolu hər iki tərəf üçün sərfəlidir. Məsələn, yüz minlərlə məcburi köçkün və qaçqın vətənlərinə və bəlkə də evlərinə qayıtmaq imkanı əldə edəcəklər. Həm də onların öz doğmalarının məzarlarını ziyarət edə bilməsi çox vacibdir. Mən bu arzularımı qaçqın düşərgələrinə baş çəkəndə dilə gətirmişəm.

- Hazırda Moskva danışıqlar prosesində faktiki olaraq ən aktiv vasitəçi olaraq qalmaqdadır. Avropa İttifaqı və ABŞ isə yalnız hadisələrin gedişi ilə bağlı fikirlərini ifadə etməklə bir kənarda qalıblar. Sizcə, Avropa İttifaqının bu məsələdə passivliyi nə ilə əlaqədardır?

- Rusiyanın bu prosesdə aktiv şəkildə vasitəçilik etməsi müsbət məqamdır və Avropa İttifaqının özünü son dərəcə passiv aparması fikri ilə də razıyam. Avropa öz məkanında sülh quruculuğu ilə məşğul olmaqda, çoxsaylı müharibələr və xalqlar arasında düşmənçilikdən sonra demokratiya və rifahın bərqərar olmasında unikal təcrübəyə malikdir. O xalqlar bu gün Avropa İttifaqı Şurasının üzvləridir və Yuqoslaviyada müharibədən sonra sülhün bərqərar olması üçün aktiv fəaliyyət göstərirlər. Hesab edirəm ki, Avropa İttifaqı üç Cənubi Qafqaz ölkəsinin bu quruma üzvlüyünə güclü dəstək verməlidir. Azərbaycan, Ermənistan və Gürcüstan suveren ölkələrdir və Avropa inteqrasiyasının tərkib hissəsi olmaq istəyirlərsə və müvafiq kriterilərə cavab verirlərsə, onlar üçün belə bir imkan yaradılmalıdır. Əminəm ki, bu, regiona uzunmüddətli sülh və stabillik gətirəcək.

apa

2 Sentyabr, 2011  18:29 Baxılıb: 923

Bu bölmədə