Simsar.az | bizi özünüzə Simsar bilin
Zakir Qaralov: "Avropaya inteqrasiya rəsmi Bakının əsas məqsədidi"

Milli Fəaliyyət Planının icrası ilə əlaqədar konkret işlər görülür

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Purqurides və komitənin üzvü Elza Papadimitriu sentyabrın 1-də baş prokuror Zakir Qaralovla görüşüblər.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Z. Qaralov Avropaya inteqrasiyanın rəsmi Bakının xarici siyasətinin əsas prioriteti olduğunu, AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb. O, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktları, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün lazımi normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi, kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində görülən zəruri tədbirlər barədə ətraflı məlumat verib.

"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsinin respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiyanın və qanunun aliliyinin təmin edilməsi sahəsində mühüm mərhələ olduğunu diqqətə çatdıran baş prokuror deyib ki, respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, prokurorluğun insan hüquqlarının qorunması istiqamətində apardığı işlər, o cümlədən Milli Fəaliyyət Planının icrası ilə əlaqədar konkret işlər görülür.

Dağlıq-Qarabağ münaqişəsinin həlli prosesinə toxunan baş prokuror, Ermənistan Silahlı Qüvvələrinin işğal olunan Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının zəruriliyi və bunu tələb edən BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qətnamə və qərarların olduğu, eyni zamanda, bir milyondan artıq qaçqın və məcburi köçkünün konstitusion hüquqlarının bərpası istiqamətində AŞPA-nın səylərinin artırılmasının vacibliyini qonaqların diqqətinə çatdırıb.

Kristos Purqurides isə Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, insan hüquqlarının etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə Avropa Şurası ilə birgə görülən tədbirləri yüksək qiymətləndirib.

2 Sentyabr, 2011  17:15 Baxılıb: 968

Bu bölmədə