Simsar.az | bizi özünüzə Simsar bilin
İRAQDAN QAYIDAN REJİSSOR SİMSAR.AZ- A DANIŞDI - FOTOSSESİYA

Şahin Zəkizadə “Ziyarət” adlı filmində İraq təəssüratını canlandıracaq

Azərbaycanın 3 jurnalisti İstanbulun “Zeynəbiyyə” Cəmiyyətinin dəvəti ilə İraqda səfər edib. 31 nəfərlik heyətin tərkibində başqa ölkələrin də nümayəndələri olub.  

Bu barədə Simsar.az saytına məlumat verən, “Yurd Tv”-nin baş produsseri, rejissor Şahin Zəkizadə səfərin məqsədinin Ramazan bayramı ilə alaqədar ziyarət, həmçinin İsatnbul - Nəcəf aviareisin açılışı ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya, Almaniya, Hollandiya, Moldava, Türkiyə kimi ölkələrin qatıldığı səfər rəsmi çərçivədə baş tutub: “Bizi İraq dövlətinin 3-cü şəxsi, Ali İslam Məclisinin rəhbəri Seyyid Həkimi qarşıladı. Onunla görüşdə Həkimi ölkəsinin planlarından danışdı, iqtisadiyyat və turizm sahəsindəki inkişaf və problemlərə toxundu. O, ölkəsindən ilin sonuna kimi Amerika qoşunlarının çıxacağını və şəhərdə abadlıq, bərpa işlərinə başlanacağını dedi. İraqın 3 şəhərində, Kərbəla, Bağdad və Nəcəfdə olduq. İraqın keçmiş lideri Səddam Hüseynin sarayını və hər üç şəhərin müqəddəs yerlərini ziyarət etdik. Ramazan ayının qədir gecələrini orada keçirdik”.

Ş.Zəkizadə onu da deyib ki, rəsmi səfər olduğuna görə onları İraq dövlətinin silahlı mühafizəçiləri müşaiət edib: “ Biz olduğumuz şəhərdə heç bir atışma yox idi. Səfərimiz çox sakit və stabil keçdi. Buna baxmayaraq, şəhərdə hər 500 metrdən bir qoruma, yoxlama postları qurulub. Bağdaddan aereporta 1 kilometrlik yolu 1 saata qət etdik. Ona görə ki, hər addım başı saxlayıb çamadanlarımızı yoxlayırdılar. Biz olduğumuz 3 şəhərdə nə atışma, nə də müharibə gedirdi. Amma Türkiyədən gələn heyət balıq yemək üçün şəhərin kənarına çıxan zaman həyati təhülkə ilə rastlaşıblar. Həmin vaxt üsyançılarla dövlət hərbiçiləri arasında silahlı atışmaya şahid olublar. Biz isə gündüzlər rahat ziyarətlərimizi edir, gecələr isə şəhəri gəzib dolaşırdıq. Buna baxmayaraq, ölkənin elə şəhərləri var ki, ora getməyimizə qadağa qoydular, çünki orada hələ də müharibə və atışma davam edir. Samirə belə şəhərlərdəndir”.

Rejissor İraqda gördüklərini çəkəcəyi “Ziyarət” adlı sənədli filmində canlandıracaq. Film “Yurd Tv” və ANS televiziyasında yayımlanacaq.

Aynurə Həsənova

 

 

1 Sentyabr, 2011  21:00 Baxılıb: 1888

Bu bölmədə