Simsar.az | bizi özünüzə Simsar bilin
HÜSEYN ABDULLAYEV ABŞ SƏFİRİNİ ÇAŞDIRIB

“WikiLeaks” ortaya yeni gizli yazışma çıxardı

“WikiLeaks” saytı Azərbaycana dair Amerika diplomatik yazışmalarını açıqlamaqda davam edir. Sayt bu mərhələdə sənədlərin yayılmasını sürətləndirib və son bir neçə gündə ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən göndərilmiş yüzdən çox teleqramı açıqlayıb. Bu teleqramlar 2006-2009-cu illər ərzindəki diplomatik yazışmaları əhatə edir.
Maraqlıdır ki, əksəriyyəti məxfi qrifi daşımır, bir hissəsi ancaq rəsmi istifadə üçün nəzərdə tutulub, digər hissəsinin isə məxfi olmadığı, ancaq həssas mövzularla bağlı olduğu üçün internetdə yayılmasının məqsədəuyğun olmadığı göstərilir.

Bununla belə, həmin yazışmalarda bəzi maraqlı məqamlar yer alır. Məsələn, məlum olur ki, parlamentin əvvəlki tərkibində yer alan, “Quska” kimi tanınan iş adamı və deputat Hüseyn Abdullayevin qalmaqallı həbsi ABŞ səfirliyini narahat edib. Səfirlik bu hadisə ilə bağlı Bakıdakı digər Qərb diplomatik təmsilçilikləri ilə məsləhətləşmələr və hansı mövqedən çıxış etmək barədə müzakirələr aparıb.

ABŞ səfirliyinin o vaxtkı siyasi işlər müşaviri tərəfindən göndərilmiş teleqramda deyilir ki, martın 16-da parlamentin sessiyası zamanı baş nazir Artur Rəsizadə hökumətin hesabatını təqdim edəndə bitərəf deputat Hüseyn Abdullayev hökuməti sərt tənqid edib. O, Rəsizadənin hesabatını “Azərbaycan xalqına qarşı təhqir” adlandırıb. Spiker Oqtay Əsədov onun sözünü kəsib və mikrofonunu söndürüb, ancaq Abdullayev danışmaqda davam edib. Bu zaman hakimiyyətyönlü deputat Fəzail Ağamalı Abdullayevi söyüb, onların arasında dava başlayıb və kadrlardan görünüb ki, Ağamalı birinci olaraq Abdullayevi təpiklə vurub. Abdullayev isə iki dəfə onun sifətinə zərbə endirib, həmçinin ayağı ilə vurub.

Teleqramda xatırladılır ki, bu insidentlə bağlı prokurorluq cinayət işi qaldırıb, Abdullayev deputat toxunulmazlığından məhrum edilib və həbs olunub. Sənədə görə, Abdullayevin həbsinin səbəbləri tam olaraq aydın deyil, ancaq ABŞ səfirliyi onun həbsinin açıq-aydın prosedur qaydalarının pozulması ilə baş verməsindən, habelə hökuməti tənqid etməyə cəhd edən deputatların susdurulmasına yönəlməsindən narahatdır.
“Abdullayevin geniş işgüzar əlaqələrinin olmasını nəzərə alaraq onun həbsinin arxasında digər maraqlar da dayana bilər. Biz bu hadisəni nəzarətdə saxlayırıq və Bakıdakı digər diplomatik missiyalarla, o cümlədən ATƏT ofisi ilə məsləhətləşmələr aparırıq”, - deyə sənəddə bildirilir.

musavat.com

1 Sentyabr, 2011  19:35 Baxılıb: 1283

Bu bölmədə