Simsar.az | bizi özünüzə Simsar bilin
"BÜTÜN BUNLAR SARKİSYAN REJİMİNİN MƏNTİQİ NƏTİCƏSİDİR"

Mübariz Qurbanlı: “İşğal siyasəti davam etdikcə, Ermənistanın vəziyyəti düzəlməyəcək”

“Serj Sarkisyanın ABŞ-a buraxılmaması ilə bağlı erməni diasporunun fəaliyyəti gözlənilən idi. Bütün bunlar Sarkisyan rejiminin siyasətinin məntiqi nəticəsidir”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı YAP-ın saytına açıqlamasında deyib.

M. Qurbanlının fikrincə, Sarkisyan Ermənistanı elə vəziyyətə gətirib çıxarıb ki, bu ölkə ölüm-dirim dilemması qarşısındadır. O bildirib ki, işğalçı dövlətin hakimiyyəti bütün qonşularla münasibətləri korlayıb: “Azərbaycanın ərazilərini işğal edilib, Türkiyə ilə diplomatik əlaqələr yoxdur, Gürcüstanla da problemlər var. Hətta Rusiyanın bəzi dairələri tərəfindən Ermənistanın yeritdiyi siyasət anlaşılmır. Yəni Ermənistanın indiki hakimiyyəti vassal olmaqla özünün sərsəm hərəkətləri ilə bölgədə Ermənistan üçün təhlükəli vəziyyət yaradır”.

M. Qurbanlı vurğulayıb ki, Ermənistandan insanların kütləvi axını erməni diasporunu narahat etməkdədir: “Ona görə də, onlar Sarkisyan rejiminin əleyhinə addımlar atırlar. Amma nəzərə alınmalıdır ki, Ermənistanın dirçəlişi işğalçılıq siyasətindən əl çəkməsindən asılıdır. Azərbaycanın siyasəti nəticəsində Ermənistan bütün regional layihələrdən kənarda qalıb, iqtisadi cəhətdən dərin böhran içərisindədir, əhalinin sosial durumu ağırdır. İşğal siyasəti davam etdikcə, Ermənistanın vəziyyəti düzəlməyəcək. Hesab edirəm ki, erməni diasporu bu reallığa da diqqət yetirməlidir”.

26 Avqust, 2011  01:42 Baxılıb: 869

Bu bölmədə