Simsar.az | bizi özünüzə Simsar bilin
Artıur Rəsizadədən xəbər var

Baş nazir xarici ölkələrin BMT yanında olan nümayəndələri ilə görüşüb

Azərbaycanın Baş naziri Artur Rasizadə bu gün Bakıda səfərdə olan Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra-Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələri ilə görüşüb.

Simsar.az xəbər verir ki, Baş nazir BMT çərçivəsində fəaliyyət göstərən səfirlərin bu səfəri diplomatlara Azərbaycan haqqında dolğun məlumat əldə etməyə imkan verəcəyinə, səfirlərin BMT-nin iclaslarında Azərbaycan ilə bağlı ədalətli mövqedən çıxış edəcəklərinə əminliyini bildirib. A.Rasizadə Azərbaycanın xarici siyasətini ölkələrin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq normal, ikitərəfli əlaqələrin üzərində qurduğunu, ölkəmizin bu il müstəqilliyinin 20 illiyini qeyd etdiyini deyib.

Son 7-8 ildə Azərbaycanın yüksək iqtisadi inkişafa nail olduğunu vurğulayan Baş nazir bildirib ki, son illərdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə, dövlət büdcəsi isə 10 dəfə artıb, regional əhəmiyyətli böyük infrastruktur layihələri həyata keçirilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Rasizadə münaqişənin tarixi barədə ətraflı məlumat verib və deyib ki, müstəqilliyinin ilk illərində ölkəmizin düşdüyü çətin vəziyyətdən istifadə edən Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı ölkəsində məcburi köçkünə çevrilib. Ermənistanın işğalçı siyasəti bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən pislənilib, lakin bu təşkilatın Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə indiyədək icra olunmayıb. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti də indiyədək nəticəsiz qalıb.

Azərbaycanın yüksək iqtisadi inkişafını vurğulayan səfirlər ölkəmizin xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi barədə maraqlanıblar. Onlar ölkələrinin Azərbaycan ilə ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduqlarını söyləyiblər.

Sonda Baş nazir A.Rasizadə səfirlərin suallarını cavablandırıb.

24 Avqust, 2011  21:14 Baxılıb: 917

Bu bölmədə