Simsar.az | bizi özünüzə Simsar bilin
DAVOS ƏRDOĞANIN YANINA GƏLİR

Klaus Şvab növbəti iqtisadi sammitin İstanbulda keçirilməsi üçün Türkiyənin baş naziri Ərdoğandan icazə istəyib

Dünya İqtisadi Formunun prezidenti Klaus Şvab növbəti iqtisadi sammitin İstanbulda keçirilməsi üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan icazə istəyib. Bu barədə məlumatı Türkiyənin Avropa Birliyi üzrə nümayəndəsi Egemen Bağış verib: “Şvab baş nazirlə görüşərək həm keçmişdə baş vermiş xoşa gəlməz hadisələrə görə kədərləndiyini bildirib, həm də şimalla cənub, şərqlə qərbin bərabər müzakirə aparacağı növbəti iqtisadi sammitin İstanbulda keçirilməsi üçün icazə istəyib”.

Qeyd edək ki, baş nazirin bu təklifə müsbət yanaşdığını deyən Bağış Ərdoğanın daha əvvəl Davosa getməyəcəyi barədə söylədiklərini xatırladıb və zarafatla Davosun, “O vaxt biz Ərdoğanın yanına gedək” – dediyini bildirib.

Xatırladaq ki, 2009-cu il yanvarın 29-da forumun Qəzzadakı vəziyyətə həsr edilmiş müzakirələri zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti Şimon Pereslə mübahisə edərək, tədbiri tərk etmişdi. Müzakirələrdə Peresə çıxış üçün 25 dəqiqə, özünə isə 12 dəqiqə vaxt ayrılmasına etiraz edən Ərdoğan reqlamentin pozulduğunu bildirib və Peresə “Siz insan öldürməyi yaxşı bilirsiniz” deyib. Baş nazir “Bundan sonra mənim üçün Davos bitdi. Artıq Davosa gəlmərəm” deyərək, salondan çıxmışdı.

24 Avqust, 2011  15:40 Baxılıb: 991

Bu bölmədə