Simsar.az | bizi özünüzə Simsar bilin
Arif Hacılı və tərəfdaşlarının vəsatəti təmin edilmədi

Məhkəmə sentyabrın 1-nə qədər davam edəcək

Bu gün Səbayel rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında məhkəmənin hazırlıq iclası keçirilib. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, prosesdə çıxış edən vəkillər cinayət işinə xitam verilməsi ilə bağlı və təqsirləndirilən şəxslərin barələrində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət veriblər. Həmin vəsatətlər təmin olunmayıb. Proses sentyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilənlərdən 10 nəfərinin cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Hazırda onların məhkəməsi gedir.

Xatırladaq ki, aprelin 4-də Səbayel rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülüb. Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar çıxarıb. Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində isə həbs-qətimkan tədbiri seçilib.

23 Avqust, 2011  20:01 Baxılıb: 855

Bu bölmədə