Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ və NATO İŞĞALÇIDIRMI?

Ərəb ölkərinə basqıların gizli səbəbləri...

Zərdüşt Əlizadə: “Liviya üsyançılar tərəfindən iğal ediləndən sonra Avropada neftin qiyməti 3-5 faiz arasında qalxdı”

Afrika qitəsini bürüyən inqilablar oradakı ərəb ölkələrinin iqtidarlarını bir-bir tarixin arxivinə gömürməkdədir.
Tunis və Misirin ardınca Yəmən, Əlcəzair, İordaniya, Mərakeş və Liviyada hökumət əleyhinə təşkil edilən silahlı aksiyaların baş vermə səbəbləri ciddi şəkildə öyrənilir.

İnqilab baş verən ölkələrdə yerli əhalinin proseslərə münasibəti birmənalı deyil. Hakimiyyətə qarşı mübarizə aparanlarla yanaşı, iqtidarın müdafiəsinə qalxan kütlələr də az deyil. Belə olanda diqqət yenə də xarici qüvvələrə, xüsusilə də okeanın o tayına yönəlir.


Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov Azadlıq Radiosuna bildirib ki, baş verənlərə Liviya çərçivəsində baxmaq lazım deyil. Çünki tək Liviyada yox, bundan öncə Tunisdə, Misirdə, Yəməndə dəyişikliklər tələb olunmağa başlandı: “Xaricdən müdaxilə olmasa, dörd ölkədə eyni vaxtda spontan azadlıq hərəkatının başlaması mümkün deyil».

Ağasəlim Şükürov fikrini əsaslandırmaq üçün bir məqama diqqət çəkib. O, uzun illərdir mühacirətdə yaşayan Liviya müxalifətçilərinin Benqazidə Milli Keçid Şurası formalaşandan sonra ölkəyə qayıtdıqlarını bildirib. Səfirin sözlərinə görə, bu da «xaricdən maliyyələşmə olmadan baş verə bilməzdi».


İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR Centre) rəhbəri Hikmət Hacızadə isə şəxsi bloqunda qeyd edib ki,
XX əsrin sonundan belə qəbul olunub ki, inqilabların iki səbəbi var. Birincisi, sosial problemlərdir, ikincisi, ləyaqət problemi. İnsan 40 il o klounun əli altında qalmaq istəmir. İnsan istəyir onun səsi sayılsın, sözü kəsilməsin. Bu istək artıq axırda böyük fiziki gücə çevrilir”.
H.Hacızadəyə görə, ərəb ölkələrinin böyük əksəriyyətində diktatura rejmləri olun: “NATO qüvvələrinin dəstəyilə xalq öz arzusuna çatdı. Onları heç də, pul, neft maraqlandırmırdı. Hər kəs ləyaqətli yaşamaq uğrunda mübarizə aparıb və məqsədlərinə çatırlar”.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, ərəb dünyasında baş derənlərin arxasında Qərbin neft maraqları durur: “Hüsnü Mübarək, Qəddafi, Bəşər Əsəd diktatordular. Onlar Qərblə hesablaşmırdılar. Liviya üsyançılar tərəfindən iğal ediləndən sonra Avropada neftin qiyməti 3-5 faiz arasında qalxdı. Ərəblər o qədər də, savadlı, demokratiyanə dərindən bilən xalq deyillər. Onlarda məzhəbçilik, pula, vəzifəyə hərislilik güclüdür. Ona görə də Qərb texnoloqları, araşdırma mərkəzləri ərəbləri asanlıqla idarə etdilər. Ərəb ölkələrindəki bütün inqilablarda müxalifətə, silahlılara Qərbin informasiya dəstəyi yüz faiz olub. “Əlcəzirə” telekanalının timsalında bunu gördük. Dünya şöhrətli bu telekanal Qərbin informasiya siyasətini məharətlə həyata keçirir. Amma 20-30 ildən sonra həmin xalqlar Qəddafiyə, Mübarəkə, Bəşər Əsədə dua oxuyacaqlar. Onlar diktator idilər. Amma xalqlarını az istəmirdilər. Ölkələri üçün az iş görməmişdilər”.



Deputat Rasim Musabəyov isə mətbuata açıqlamasında bildirib ki, ərəb ölkələrində baş verənlərin ssenarisində taktiki fərqlər olsa da, ruhu bir idi: “Sadəcə, Tunis prezidenti ordu tərəfindən ultimatum alan kimi məcbur olub kürsüsünü qoyub qaçdı. Amma Liviyada ordunun böyük hissəsi Qaddafiyə sadiq idi, ona görə də müqaviməti uzun çəkdi. Ancaq aydınıydi ki, onun siyasi hakimiyyəti bitib».

R.Musabəyov baş verənlərin arxasında Qərbin maraqlarının durduğunu desə də, proseslərin bundan sonra necə cərəyan edəcəyi barədə danışmağın çətin olduğunu söyləyib.



23 Avqust, 2011  16:21 Baxılıb: 1022

Bu bölmədə