Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafi heç yerə qaçmayıb

Diktatorun oğlunun həbsi xəbəri yalan çıxdı

Liviyadan ziddiyyətli xəbərlər gəlir. Avqustun 22-də üsyançılar paytaxt Tripoliyə girəndən sonra hökumət qüvvələrinin əlində yalnız Müəmmər Qəddafinin rezidensiyası yerləşən Bab əl-Əziziyə rayonunun qaldığı bildirilirdi. Bu gün səhər Beyrutun “Əl-Urubah” telekanalı Müəmmər Qəzzafi hökumətinin rəsmi nümayəndəsi Musa İbrahimin əks bəyanatını yayıb. Musa İbrahim paytaxtın 75 faizinin Müəmmər Qəddafi tərəfdarlarının nəzarətində olduğunu vurğulayıb. O, Müəmmər Qəddafinin oğlanlarının üsyançılara əsir düşməsi xəbərlərini də təkzib edib.

Simsar.az saytı “Lenta.ru” portalına istinadla xəbər verir ki, Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi avqustun 23-ü səhər saatlarında atasının Bab əl-Əziziyə rayonunda yerləşən rezidensiyasında jurnalistlərlə görüşüb. O, Tripolinin hökumət qüvvələrinin nəzarətində qaldığını deyib. Seyfülislam Qəddafi atasının paytaxtda olduğunu da vurğulayıb.

 Başqa bir məlumatda Müəmmər Qəddafinin üsyançılara əsir düşmüş digər oğlu Məhəmməd Qəddafinin ev dustaqlığından qaçdığı bildirilir. Avqustun 22-də Müəmmər Qəddafinin başqa bir oğlu Səid Qəddafinin də həbs olunduğu deyilirdi. Onun taleyi haqda yeni xəbər yoxdur.

Liviya üsyançılarının Tripoliyə hücumu avqustun 20-də başlayıb. NATO qüvvələri ilə koordinasiya olunmuş əməliyyatda 1000-dən çox adam ölüb.

Liviyada fevralın ortalarında başlayan üsyanın əsas tələbi 1969-cu ildən hakimiyyət başında olan Müəmmər Qəzzafinin istefasıdır. Qanlı qarşıdurmalarla müşayiət olunan xalq hərəkatında müxalifətə beynəlxalq birlik, o cümlədən NATO qüvvələri dəstək versə də, Müəmmər Qəddafi təslim olmaq istəməyib. Son olaylara qədər minlərlə liviyalı həlak olmuş, 650 min nəfər ölkəni tərk etmiş, 350 min şəxs evini itirmişdi.

23 Avqust, 2011  15:30 Baxılıb: 927

Bu bölmədə