Simsar.az | bizi özünüzə Simsar bilin
Müxalifət Elçibəyi yad etdi

Məzar başında çıxışlar olub

APA-nın məlumatına görə, mərasimə İctimai Palataya (İP) daxil olan AXCP, Müsavat Partiyası, həmçinin KXCP rəhbərliyi və partiyaların sıravi üzvləri qatılıblar.

Ziyarət mərasimində Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal, Bütöv Azərbaycan Birliyi Rəyasət Heyətinin (BAB RH) sədri Aqil Səmədbəyli və digər şəxslər iştirak edib. Ziyarət zamanı çıxışlar olub, mərhumun ruhuna dualar oxunub.

Qeyd edək ki, bu gün mərhum Ə. Elçibəyin vəfatının 11-ci ildönümüdür. Ə. Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.

Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də vəfat edən Əbülfəz Elçibəy Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib.

22 Avqust, 2011  19:06 Baxılıb: 912

Bu bölmədə