Simsar.az | bizi özünüzə Simsar bilin
Ombudsman icra başçısından cavab gözləyir

Elmira Süleymanova yeni tikilən evlərdəki korrupsiya halları ilə bağlı Salyan rayon İcra Hakimiyyətinə sorğu göndərib

Ombudsman Elmira Süleymanova Salyanda istifadəyə verilən 42 evin hansı qurum tərəfindən inşa olunduğu, evlərin paylanmasında tətbiq olunan yanaşmanın mahiyyəti, qeyri- şəffaflıq və korrupsiya elementlərinin olub-olmamasını araşdırmaq üçün rayon icra hakimiyyətinin başçısına sorğu ilə müraciət edib.  

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahından Simsar.az-a verilən məlumata görə, Salyanda Plastmas qəsəbəsi deyilən ərazidə 42 ailəyə yeni ev tikilərək istifadəyə verilib: “Evlər püşk atma yolu ilə paylanıb və vətəndaş cəmiyyəti nümayəndələrinin bu prosesdə iştirakına imkan verilməyib. Sonradan məlum olub ki, qeyri- şəffaf həyata keçirilən “ev paylama” prosesində yeni mənzil sahiblərindən “şirinlik” adı ilə rüşvət istənilib və bu dəfə də evləri həqiqətən qəzalı olan xeyli sayda insan bu prosesdən kənarda qalıb”.
Qaranlıq məqamlara aydınlıq gətirmək üçün “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı həm Salyan rayon İcra Halimiyyətinə, həm də Fövqəladə Hallar Nazirliyinə sorğu ilə müraciət etsə də, bu günə qədər məsələyə aydınlıq gətirilməyib. Bu günlərdə sorğuların cavablandırılması üçün Ombudsman E.Süleymanova hərəkətə keçib. Ombudsman hələ ki, cavab gözləyir.

RAMİL

22 Avqust, 2011  16:09 Baxılıb: 937

Bu bölmədə